"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi bu dəfə ZƏRDABDA

Event NEWS   |   Əlavə olunub: 19 oktyabr 2015,   14:10  |   Oxunub: 404

Öz ətrafına təcrübəli mütəxəssisləri, alim, pedaqoq və tanınmış psixoloqları birləşdirən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi Bakıda fəaliyyət göstərməsinə baxmayaraq, respublikanın rayonları ilə sıx əlaqə saxlayır. Mərkəzin əməkdaşları vaxtaşırı regionlara səfərlər edir, yerlərdə əhali arasında maarifləndirmə işləri aparmaqla yanaşı problemli ailələr, nitq qüsuru olan uşaqlar, stress və depressiyadan əziyyət çəkən yeniyetmə və gənclərlə görüşür, müayinələr aparır, məsləhətlər verir, psixoloji dəstək göstərirlər. Loqosun rəhbəri Təranə Məmmədova seçdiyi fəaliyyət sahəsinin son dərəcə aktuallığını vurğulayaraq deyir: "Məqsədimiz cəmiyyətə, xalqa xidmətdir. Fiziki və mənəvi sağlam nəsil sağlam gələcəkdir. Dəryada damla belə olsa biz də bu iş üçün çalışırıq". Başda psixologiya üzrə fəlsəfə elmləri doktoru, mərkəzin baş psixoloqu Elmira Mirzəyeva olmaqla "Loqos"un bir qrup əməkdaşı Ümumdünya psixi sağlamlıq günü ərəfəsində Zərdabda olub, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Psixi sağlamlığımızın qeydinə qalaq" mövzusunda konfrans keçiriblər. Təhsil işçiləri ilə yanaşı sıravi sakinlərin də iştirak etdiyi konfransda gününüzün aktual məsələləri müzakirə olunub. Elmira Mirzəyevanın "Stressdən necə qorunmalı", mərkəzin təcrübəli psixoloqu Nigar Məmmədovanın "Ailə münaqişələrinin yaranması və aradan qaldırılması yolları", eləcə də loqoped-defektoloq Aygün Mehtiyevanın "Nitqdəki qüsurlar" mövzusundakı, psixo-pedaqoq Aygün Namazova və loqoped Mahirə Ələkbərovanın çıxış və söhbətləri böyük maraqla qarşılanıb. Konfransdan sonra Loqosun əməkdaşları problemli ailələr və onların uşaqları ilə görüşüb müayinələr aparıb, yerindəcə əllidən çox uşaq və yeniyetməyə psixoloi yardım göstəriblər. Günün sonunda Loqosun əməkdaşlarını Zərdab rayon İcra Hakimiyyətinin başçısı L.Babayev qəbul edib. Təmənnasız yardım üçün qonaqlara minnətdarlığını bildirib və belə tədbirlərin davamlı olmasını vurğulayıb. O qeyd edib ki, Zərdab milli mətbuatımızın banisi, böyük alim, maarifçi Həsən bəy Zərdabinin yurdudur. Vətənpərvər maarifçinin ənənələrini mümkün olduqca qorumağa, davam etdirməyə çalışırıq. "Ölkəmizin hər yerində böyük quruculuq işləri gedir. İnsanların həyat şəraiti gün-gündən yaxşılaşır. Zərdab da daha on il əvvəlin Zərdabı deyil. Yeniliklər gözlə görünəndir. Təbii ki, insan amili başlıca amildir. Görülən hər yenilik insan cəmiyyəti üçündür. Sizin də gördüyünüz işlər adamların mənəvi ruhunu qaldırmağa, psixoloji cəhətdən sağlam olmasına, cəmiyyətin bir parçası sayılan ailələrin möhkəmliyinə, davamlılığına xidmət edir. Bu vacib şərtdir. Ümid edirəm ki, belə görüşlər davamlı olacaq".

 

 

 

 

 

Loqos Psixolojı və Nitq İnkişafı Mərkəzı. 3-cü mərtəbə
Nöm:(012) 434 86 16
Mob: 070 264 46 48

 


Şərhlər




>> TOP KONFRANS XƏBƏRLƏRİ